"Nüvə energetikasına keçid gecikməməlidir" - Adil Qəribov

15:43 23.04.2026 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Müasir nüvə energetikasını 30-40 il əvvəlki texnologiyalarla müqayisə etmək düzgün deyil"

Son dövrlərdə Azərbaycanda atom elektrik stansiyasının (AES) tikintisi məsələsinin yenidən gündəmə gəlməsi enerji siyasəti ətrafında müzakirələri daha da intensivləşdirib. Qlobal enerji keçidi, karbon emissiyalarının azaldılması ilə bağlı beynəlxalq öhdəliklər və elektrik enerjisinə artan tələbat fonunda nüvə energetikası bir daha diqqət mərkəzinə çevrilir.

Hafta.az bu kontekstdə məsələnin elmi, iqtisadi və strateji tərəflərini aydınlaşdırmaq üçün AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Adil Qəribovla həmsöhbət oldu.

– Adil müəllim, Azərbaycanda AES tikintisi məsələsinin yenidən gündəmə gəlməsini necə qiymətləndirirsiniz?

– Əslində, bu məsələyə yalnız bugünkü qərar kimi baxmaq ciddi analitik səhv olar. Bu istiqamətdə ilkin strateji yanaşma və siyasi iradə hələ 2014-cü ildə Prezident İlham Əliyev tərəfindən ortaya qoyulmuşdu. Həmin dövrdə Milli Nüvə Tədqiqatlar Mərkəzinin yaradılması bunun bariz nümunəsi idi. Bu qurumun yaradılması formal xarakter daşımırdı. Əsas məqsəd çox aydın idi. Gələcəkdə Azərbaycanda nüvə energetikasına keçid üçün zəruri olan elmi baza, institusional struktur və kadr potensialının təməlini qoymaq.

Sonrakı mərhələdə qlobal enerji bazarlarında baş verən dəyişikliklər, xüsusilə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ölkənin iqtisadi prioritetlərinə müəyyən korrektələr etdi və nəticədə bu istiqamətdə planlaşdırılan işlər bir qədər arxa plana keçdi. Bu, məsələnin aktuallığını aradan qaldırmadı. Əksinə, belə strateji sahələr fasiləsiz şəkildə diqqətdə saxlanılmalıdır, çünki nüvə energetikası qısa müddətdə qurulan sistem deyil, uzun illər davam edən hazırlıq, planlaşdırma və icra mərhələlərini əhatə edən mürəkkəb bir sahədir.

– Bu gün nüvə enerjisinə qayıdışı şərtləndirən əsas amilləri necə izah edərdiniz?

– Burada bir neçə paralel proses eyni vaxtda baş verir və onların hər biri bu qərarı şərtləndirir. Bir tərəfdən, karbohidrogen ehtiyatlarının tükənmə perspektivi var. Mənim hesablamalarıma görə, Azərbaycanın mövcud neft və qaz ehtiyatları hələ uzun illər, təxminən 70-100 il kifayət edə bilər. Enerji siyasəti yalnız bugünün ehtiyatları üzərində qurulmamalıdır. Bu sahədə qərarlar onilliklər əvvəldən planlaşdırılmalıdır. Digər tərəfdən, ekoloji faktorlar getdikcə daha ciddi rol oynayır. Karbohidrogenlərin istifadəsi nəticəsində yaranan karbon emissiyaları qlobal istiləşməni sürətləndirir və bu artıq yalnız nəzəri problem deyil, real təhlükədir. Üçüncü mühüm məqam isə alternativ enerji ilə bağlı yaranmış reallıqdır. Uzun müddət dünya ictimaiyyətində belə bir gözlənti var idi ki, günəş və külək enerjisi ənənəvi enerji mənbələrini tam əvəz edəcək. Son illərin təcrübəsi bu yanaşmanın həddindən artıq optimist olduğunu göstərdi. Bu mənbələr enerji sistemində mühüm rol oynasa da, texniki və iqtisadi məhdudiyyətlər onları əsas enerji təminatçısına çevrilməsinə imkan vermir.

– Siz bərpaolunan enerji mənbələrinin məhdud səmərəsini hansı amillərlə əlaqələndirirsiniz?

– Bu sahədə əsas problem sabitlik və iqtisadi səmərəlilik məsələsidir. Günəş və külək enerjisi təbiətdən asılıdır və bu səbəbdən fasiləli xarakter daşıyır. Digər tərəfdən, bu texnologiyaların istismar müddəti ilə bağlı təqdim olunan rəqəmlər real vəziyyəti tam əks etdirmir. Məsələn, günəş panelləri üçün nəzərdə tutulan 20-25 illik istismar müddəti praktikada çox zaman özünü doğrultmur, onların effektivliyi daha qısa müddətdə azalır.

Avropanın son illərdə yaşadığı enerji böhranı bu problemləri açıq şəkildə üzə çıxardı. Xüsusilə geosiyasi səbəblərlə enerji təchizatında zəncirin qırılması və yaranan boşluqlar bərpa olunan mənbələrin bu boşluğu tam doldura bilmədiyini göstərdi. Bu isə bir daha sübut etdi ki, enerji sistemində yalnız alternativ mənbələrə arxalanmaq real deyil.

– Bu kontekstdə nüvə enerjisinin üstünlükləri nələrdir?

– Nüvə enerjisi bu gün üçün həm texniki, həm də strateji baxımdan ən stabil enerji mənbələrindən biridir. O, fasiləsiz işləyə bilir, böyük həcmdə enerji istehsal edir və karbon emissiyası demək olar ki, sıfıra yaxındır. Müasir AES-lər nüvə parçalanması prinsipi əsasında işləyir və bu texnologiya vasitəsilə dünya üzrə enerji təminatını yüz illərlə davam etdirmək mümkündür. Gələcəkdə isə torium kimi alternativ nüvə yanacaqlarının istifadəsi bu potensialı daha da artıracaq. Yəni, əgər biz uzunmüddətli və dayanıqlı enerji təhlükəsizliyindən danışırıqsa, nüvə energetikası bu sistemin əsas sütunlarından biri olmalıdır.

– Bununla yanaşı, nüvə enerjisi ilə bağlı təhlükələr də unudulmur...

– Bəli, bu sahədə risklər mövcuddur və onları kiçiltmək olmaz. Çernobıl qəzası və Fukusima qəzası kimi hadisələr bu sahədə məsuliyyətin nə qədər böyük olduğunu göstərdi. Qeyd etməliyəm ki, bu qəzalara səbəb nüvə reaksiyasının özü deyil, idarəetmə sistemlərindəki səhvlər olub. Bu isə o deməkdir ki, düzgün texnologiya seçimi və ciddi təhlükəsizlik standartları ilə bu riskləri minimuma endirmək mümkündür. Bu gün tətbiq olunan yeni nəsil reaktorlar çoxpilləli qoruma sistemləri ilə təchiz olunub və insan faktorundan asılılıq xeyli azaldılıb. Bu baxımdan, müasir nüvə energetikasını 30-40 il əvvəlki texnologiyalarla müqayisə etmək düzgün deyil.

– Azərbaycanın hazırkı enerji imkanlarını nəzərə alsaq, bu sahəyə keçid nə dərəcədə əsaslandırılmışdır?

– Qısamüddətli perspektivdə bu, həyati zərurət deyil. Azərbaycan bu gün enerji baxımından özünü təmin edən ölkədir və kifayət qədər karbohidrogen ehtiyatlarına malikdir. Burada əsas məsələ strateji baxışdır. Enerji sistemlərinin transformasiyası uzun illər tələb edir və bu prosesə gec başlamaq ciddi risklər yarada bilər. Əgər biz gözləsək ki, mövcud resurslar tükənsin və yalnız bundan sonra alternativ axtarmağa başlayaq, bu artıq gec olacaq. Nüvə energetikası kimi mürəkkəb sahədə isə gecikmənin qiyməti çox yüksək ola bilər.

– Beynəlxalq faktorlar bu prosesə necə təsir edir?

– Dünya iqlim dəyişiklikləri ilə bağlı çox ciddi mərhələdədir və karbon emissiyalarının azaldılması artıq qlobal prioritetə çevrilib. Azərbaycanda keçirilən COP29 kimi beynəlxalq tədbirlər də göstərir ki, ölkə bu prosesdə aktiv iştirak edir və qlobal öhdəliklər götürür.

Nüvə enerjisi isə aşağı karbonlu enerji mənbəyi kimi bu strategiyanın mühüm komponentlərindən biridir. Bu baxımdan, Azərbaycanın bu istiqamətə yönəlməsi həm daxili ehtiyaclar, həm də beynəlxalq çağırışlarla üst-üstə düşür.

– AES tikintisi ilə bağlı əsas çağırışlar və risklər nələrdir?

– Bu, son dərəcə mürəkkəb və çoxşaxəli layihədir. İlk növbədə, stansiyanın yerləşəcəyi ərazi dəqiq və elmi əsaslarla seçilməlidir. Seysmik sabitlik, su ehtiyatları, ekoloji təsirlər və digər faktorlar burada həlledici rol oynayır. Bundan əlavə, texnologiya və tərəfdaş seçimi də strateji əhəmiyyət daşıyır. Nüvə texnologiyası sahəsində əməkdaşlıq ediləcək ölkə gələcəkdə müəyyən asılılıq yarada bilər, buna görə də bu seçim çox diqqətlə edilməlidir. Digər mühüm məqam isə istismar rejimidir. AES-lər adi elektrik stansiyaları kimi istənilən vaxt dayandırıla bilməz və onların fəaliyyəti uzunmüddətli, sabit rejimdə təmin olunmalıdır. Bu isə yüksək ixtisaslı kadrlar və ciddi nəzarət mexanizmləri tələb edir.

– Sonda, Azərbaycanın bu sahədə gələcəyini necə görürsünüz?

– Mən hesab edirəm ki, Azərbaycan bu istiqamətdə düzgün strateji xətt seçib və bu sahədə gecikmədən addımların atılması çox vacibdir. Bu proses tədricən, planlı və elmi əsaslarla həyata keçirilməlidir.

Ən əsas məsələ isə odur ki, biz bu sahəyə vaxtında daxil olaq və gələcək enerji təhlükəsizliyimizi bu gündən təmin etməyə başlayaq. Hesab edirəm, yaxın illərdə bütün hazırlıq mərhələləri tamamlandıqdan sonra Azərbaycan nüvə energetikası sahəsində real və praktik addımlar atacaq.